NATO Makedoniya ilə sazişi imzaladı

Nikola Dimitrov (solda) və Jens Stoltenberg

Fevralın 6-da NATO ilə Makedoniya qoşulma sazişini imzalayıblar.

Sənədə Makedoniyanın Xarici işlər naziri Nikola Dimitrov imza atıb. Mərasimə alyansın rəhbəri Jens Stoltenberg sədrlik edib.

“Bu gün tarixi gündür. NATO-nun bütün üzvləri Makedoniya ilə Qoşulma Protokolunu imzalayıb. Bu sənəd bütün regiona daha artıq təhlükəsizlik və rifah gətirəcək. NATO-nun baş qərargahı üzərində 30 bayrağın dalğalanacağı günü səbirsizliklə gözləyirəm”, – Stoltenberg mərasimdən sonra tvitində yazıb.

Makedoniya bildirib ki, Yunanıstanın NATO üzvü olaraq bu protokolu birinci ratifikasiya edəcəyini gözləyir.

Yunanıstan parlamentinin spikeri Nikos Voutsis isə Afinada bildirib ki, sənəd deputatlara fevralın 7-də təqdim olunacaq və fevralın 8-də səsverməyə çıxarılacaq.

***

NATO-nun 29 üzvü bu gün – fevralın 6-da Makedoniya ilə qoşulma sazişi imzalayacaq. Bir müddət öncə Makedoniyanın Yunanıstanla əldə etdiyi razılaşma iki ölkənin münasibətlərinin normallaşmasına yol açıb.

NATO-nun Baş katibi Jens Stoltenberg ötən həftə deyib ki, Brüsseldə imzalanacaq protokol bu Balkan ölkəsinin alyansın 30-cu üzvünə çevrilməsi yolunda vacib addım olacaq.

“Fevralın 6-da tarix yazacağıq”, – Stoltenberg fevralın 2-də Twitter-də yazıb.

Makedoniya və Yunanıstanın ötən il imzaladığı razılaşmaya görə Makedoniyanın adı dəyişərək Şimali Makedoniya Respublikası olub. Bununla da Yunanıstanın Skopyenin AB və NATO-ya üzvlüyünə etirazları aradan qalxıb.

Yunanıstan 1991-ci ildən, Yuqoslaviya dağılandan Makedoniya adına etiraz edirdi, çünki özünün şimalında bu adda vilayət var.