'Formula-1' 2023-cü ilədək uzadılıb

Bakıda Formula-1

Bu gün, fevralın 5-də Bakı Şəhər Halqası ilə «Formula-1» Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilə imzalanıb.

«Report» xəbər verir ki, bununla bağlı təşkil olunan tədbirdə gənclər və idman naziri Azad Rəhimov bildirib ki, yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. Əvvəlki anlaşma 2020-ci ilədək idi.

Daha sonra tərəflər arasında rəsmi müqavilə bağlanılıb. Müqaviləyə A.Rəhimovla «Formula-1 Group» şirkətinin baş icraçı direktoru Çeyz Kerri imza atıb.

Yeni müqavilənin detalları açıqlanmır.

Builki yarışlar 28-30 aprel tarixləri arasında keçirilməlidir.

Azərbaycan Qran-prisi 2016-cı ildən «Formula-1»in təqviminə daxil olub. Buna qədər bu yarışlar Azərbaycanda 2016, 2017 və 2018-ci illərdə keçirilib. Bu yarışların, razılaşmaya əsasən, Azərbaycanda 2019 və 2020-ci illərdə də təşkil ediləcəyi açıqlanmışdı. Azərbaycan rəsmilərinin bildirməsinə görə, əvvəlcədən razılaşdırılmış bu haldan imtina edərlərsə, ölkəni 50 milyon dollar cərimə gözləyirdi.

Ancaq rəsmilər «Formula-1» yarışlarına nə qədər xərc çəkildiyini bütün detallarına qədər açıqlamırlar. Azərbaycan müxalifəti baş verənləri şəffaflığın olmaması və israfçılıq sayır.