Azərbaycan sülhməramlıları Cənubi Sudanda keçirilən sülhməramlı missiyada xidmətə başlayıb.
Bu barədə bu gün, yanvarın 30-da Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan ordusunun iki zabiti BMT-nin mandatı altında keçirilən sülhməramlı missiyada iştirak etməkdən ötrü Cənubi Sudanın paytaxtı Cuba şəhərinə gəlib.
«Zabitlərimiz BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada müşahidəçi qismində fəaliyyətə başlayıblar», - açıqlamada yazılıb.
Keçən il noyabrın 30-da Milli Məclis Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudanda yerləşdirilməsinə razılıq verilməsi haqda qərar qəbul etmişdi.
Xatırlatma
Cənubi Sudan Sudan Respublikasının parçalanması ilə 2011-ci ildən müstəqildir. 5 ildir orada vətəndaş müharibəsi gedir. Bu müddət ərzində bir çox insanlar qətlə yetirilib, milyonlarla insan qaçqın düşüb.
Azərbaycan Silahlı Qüvvələri Əfqanıstandakı sülhməramlı missiyada da iştirak edir. Bu isə 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycanın 120 nəfərlik sülhməramlı kontingenti NATO-nun Əfqanıstandakı «Qətiyyətli Dəstək» missiyasına öz dəstəyini verir.