3 nəfər aksiya keçirdiyini bildirir

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehman Hüseynova azadlıq tələbi ilə aclıq aksiyası davam edir. (Video arxiv)

«Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə keçirildiyi açıqlanan aksiyanın növbəli qaydada davam etdiyi bildirilir.

Bir neçə fəal əvvəlcə öz evlərində aclıq aksiyasına başladıqlarını açıqlasalar da, onlar yanvarın 6-dan Müsavat Partiyasının qərargahında ayrılmış otağa yerləşiblər.

Bununla bağlı Azadlıq Radiosuna Zəfər Əhmədli (hazırda həbsdə olan AXCP fəalı Fuad Əhmədlinin atası) məlumat verib. Z.Əhmədli deyib ki, ondan başqa aksiyada Rafiq Baxışov (hazırda həbsdə olan AXCP fəalı Orxan Baxışlının atası) və «tək-adam aksiyası» ilə tanınan Füzuli Hüseynov iştirak edir. Onun sözlərinə görə, hələlik, sağlıq durumlarında ciddi problem yoxdur.

R.Baxışov və Z.Əhmədli aksiyaya yanvarın 15-də, F.Hüseynov isə 17-də qoşulduğunu açıqlayıb.

Hələlik, bu aksiyaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Üstəlik, son günlər cəzaçəkmə müəssisələrində siyasi məhbus sayılan fəallardan bəzilərinin də M.Hüseynovun müdafiəsi ilə bağlı aclığa başladıqları açıqlanıb. Hərçənd, Penitensiar Xidmətin rəsmiləri bunu təsdiqləməyiblər.

Xatırlatma

Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bloqer ittihamı qurama sayır.