AŞPA-nın qış sessiyası başlayır

Avropa Şurası

Bu gün, yanvarın 21-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işə başlayır. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov başçılıq edir. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyev daxildirlər.

Qış sessiyası 5 gün davam etməlidir.

Azərbaycan Milli Məclisindən bildirildiyinə görə, öncə təşkilati məsələlərə baxılacaq, qurumun yeni rəhbərliyi seçiləcək. Sessiya çərçivəsində Nazirlər Komitəsinin iclası olmalı, AŞPA-nın hazırkı baş katibi T.Yaqland çıxış etməlidir.

AŞPA-nın plenar iclaslarında Gürcüstanda keçirilmiş prezident, Ermənistanda isə parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr də aparılmalıdır.

«Avropa Şurası ölkələrində referendum prosedurlarının yenilənməsi, demokratik seçkilər üçün media azadlığının əsas şərtləri…, milli azlıqların hüquqlarının qorunması və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq», - məlumatda qeyd edilir.

Sessiyada Azərbaycanla bağlı müzakirələrin də olacağı istisna edilmir.

Xatırlatma

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan insan haqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və daha bir çox məsələlərlə bağlı üzərinə öhdəlik götürüb. Azərbaycan hələ də qurumun monitorinqi altındadır.