Daxili orqanında heroin aşkarlanıb-DGK

Heroin

İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının daxili orqanından narkotik və psixotrop maddə tapıldığı bildirilir.

Bununla bağlı bu gün, yanvarın 16-da Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

DGK bildirir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb: «Yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasında aparılan müayinə nəticəsində vətəndaşın düzbağırsağında 3 ədəd uzunsov formalı büküm olduğu müəyyən edilib».

DGK vurğulayır ki, bükümlərə baxış zamanı ümumi çəkisi 92 qram olan narkotik vasitə-tiryək, qablaşdırması ilə birgə ümumi çəkisi 1.7 qram olan kristal şəkilli psixotrop maddə, qablaşdırması ilə birgə ümumi çəkisi 6 qram olan narkotik vasitə - heroin və 88 ədəd həb aşkar edilib.

Saxlanan şəxsin adı çəkilmir. Onun ittihama münasibəti açıqlanmayıb. DGK bundan əvvəl də Azərbaycana İrandan gələn bir sıra yerli və xarici vətəndaşın daxili orqanında narkotik aşkarlandığı ilə bağlı məlumatlar yayıb.