ABŞ hakimiyyəti İranın ingilisdilli Press TV-si üçün çalışan jurnalisti və teleaparıcını saxlayıb. Məlumatı dövlət televiziyası yanvarın 16-da yayıb.
Press TV Marziyeh Hashemi-nin yanvarın 13-də Missuri ştatındakı St. Louis Lambert Beynəlxalq Aeroportunda saxlandığını bildirir.
Amerikada doğulmuş jurnalist daha sonra Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən Vaşinqton DC-dəki təcridxanaya köçürülüb. Jurnalistə qarşı “rəsmi ittiham irəli sürülmədiyi” bildirilir.
Televiziya Hashemi-nin Birləşmiş Ştatlara “xəstə qardaşını və digər qohumlarını görməyə” getdiyini deyir.
FTB rəsmiləri hələlik, məsələni şərh etməyib.
ABŞ Prezidenti Donald Trump ötən il İranla 2015-ci il nüvə sazişindən çıxdığını elan edəndən sonra Vaşinqtonla Tehranın münasibətlərində gərginlik artıb.
Saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.