ABŞ Senatı Prezident Donald Trump administrasiyasının rusiyalı oliqarx Oleg Deripaskaya bağlı şirkətlərə sanksiyaların yumşaldılması qərarını tənqid edən qətnaməni səsə qoyacaq.
Yanvarın 15-nə planlaşdırılan səsvermənin keçməyəcəyi gözlənir, çünki Trump-ın Respublikaçı partiyası Senata nəzarət edir.
Amma bu addım konqresmenlərin Kremlə bağlı oliqarxlara və Rusiyaya münasibətinin göstəricisi sayılır.
Qətnaməni Senatdakı demokratlar hazırlayır. ABŞ Xəzinədarlığı dekabrın 20-də elan edib ki, Deripaska-nın əsas şirkətlərinə sanksiyaları qaldıracaq. Bu sırada Rusal alüminium nəhəngi, En+ və EuroSibEnergo şirkətləri də var.
“İndiki məqamda Rusiya hökumətinə təzyiq mənbəyini əldən vermək olmaz”, – Senatda demokratların lideri Chuck Schumer yanvarın 14-də deyib.
Kremlə yaxınlığı ilə tanınan Deripaska şirkətlərinə nəzarət səhmlərindən imtina etməyə razılaşıb.