Türkiyə mövqeyindən çəkilmir

Mevlut Cavusoglu

Türkiyə uyğun şərtlərlə ABŞ-dan Patriot raket sistemlərini ala bilər, amma Vaşinqton Ankaranı Rusiyadan S-400 sistemlərini almamağa məcbur edərsə, bu mümkün olmayacaq. Bunu Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu deyir.

NTV televiziyasına müsahibəsində Cavusoglu deyib ki, NATO-nun üzvü olan ölkəsi Birləşmiş Ştatların Rusiya istehsalı olan yer-hava tipli raket sistemlərinə dair şərtlərini qəbul etməyəcək.

Cavusoglu onu da deyib ki, Türkiyənin Suriyanın şimalında ABŞ-ın dəstəklədiyi kürd yaraqlılara qarşı planlaşdırdığı hərbi əməliyyat Birləşmiş Ştatların Suriyadan əsgərlərini çıxarmasından asılı deyil.

KÜRDLƏRDƏN SİLAHLARIN YIĞILACAĞI REAL DEYİL

Nazir deyir ki, ABŞ-ın Suriyadakı kürd döyüşçülərə verdiyi bütün silahları yığacağını gözləmək real deyil. Ankara həmin döyüşçüləri terrorçu sayır.

John Bolton türkiyəli həmkarı Ibrahim Kalin (sağda) ilə Ankarada görüşür

ABŞ Prezidenti Donald Trump dekabrın sonunda elan edib ki, Suriyadan 2 min hərbçini çıxarmağı planlayır. Bu açıqlama Vaşinqtonun müttəfiqləri üçün gözlənilməz olub, müdafiə naziri Jim Mattisin istefasıyla sonuclanıb.

Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri John Bolton isə yanvarın 8-də Ankarada Türkiyə rəsmilərinə deyib ki, Türkiyənin kürd döyüşçülərə hücum etməyəcəyinə təminat verməsi hərbçilərin çıxarılmasından ötrü “şərt”dir.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan Boltonun bu bəyanatı verməklə “ciddi səhv etdiyini” deyib.

Bu mənada heç bir güzəşt edə bilmərik. Suriyada terror dəhlizində olanlar gərəkən cəzanı alacaqlar”, – Erdogan söyləyib.

ABŞ-ın dəstəklədiyi Suriya Kürdlərinin Xalq Mühafizə Birlikləri Suriya Demokratik Qüvvələrinin özəyini təşkil edir və Türkiyənin şimal-şərqində İslam Dövləti yaraqlılarına qarşı ABŞ əsgərləri ilə birlikdə savaşıb.

Ankara isə həmin yaraqlıların Kürd İşçi Partiyasına (PKK) bağlı olduğunu bildirir. Bu qruplaşma Türkiyədə qadağan olunub, Birləşmiş Ştatlar 1997-ci ildən onu terrorçu qrup sayır.