Yaponiyanın mübahisəli adalarla bağlı dedikləri Rusiyanı qəzəbləndirib

Cənubi Kuril adalarından biri

Rusiya Yaponiyanın səfirini çağırıb, Tokionu ikitərəfli gərginliyi qəsdən qızışdırmaqda suçlayıb. Baş nazir Shinzo Abe yaxınlarda Rusiya Prezidenti Vladimir Putin-lə 2-ci Dünya Müharibəsindən sonrakı ədavətə rəsmən son qoyulmasını müzakirə etməlidir.

Rusiyanın Xarici İşlər Nazirliyi yanvarın 9-da bildirib ki, səfir Toyohisa Kozuki nazirliyə “dəvət olunub”. Səbəb Tokionun Sakit okeandakı mübahisəli adalar zəncirinin Yaponiyanın qaytarılmasının mümkünlüyü barədə bəyanat səsləndirməsidir.

Rusiyanın Cənubi Kuril, Yaponiyanın Şimal Əraziləri adlandırdığı ərazi Moskva və Tokionun 2-ci Dünya müharibəsindən sonra rəsmi sülh sazişi imzalamasını əngəlləyib.

“ÖZ SSENARİSİNƏ MƏCBUR ETMƏK”

Müharibə bitincə sovet qüvvələri adaları zəbt edib və o vaxtdan Rusiya həmin əraziyə nəzarət edir. Amma son illər yaponiyalı sakinlərin, ailə üzvlərinin səfərlərinə də şərait yaradılıb.

XİN bildirib ki, Yaponiya hökumətinin son bəyanatları “sülh sazişi problemi ilə əlaqədar mühiti bilərəkdən qızışdırmaq” cəhdidir.

Shinzo Abe (solda) və Vladimir Putin

Tokionun bəyanatında deyilirdi ki, ada sakinlərini Yaponiyaya qaytarılmağa hazırlamaq lazımdır, keçmiş yaponiyalı sakinlərə Moskvadan kompensasiya tələblərinə də son qoyulmalıdır.

XİN həm bu açıqlamaya, həm də Abenin bu il danışıqlarda irəliləyiş ola biləcəyi barədə dediklərinə istinad edir, bu cür bəyanatların iki liderin danışıqların sürətləndirməklə bağlı razılaşmasına zidd olduğunu vurğulayır.

Nazirlik bildirir ki, Yaponiya danışıqlarda Rusiyanı “öz ssenarisinə məcbur etməyə” cəhd göstərir.

Səfirin nazirlikdə görüşlərindən sonra Yaponiyanın Xarici İşlər Nazirliyindən Rusiyanın TASS dövlət agentliyinə bildiriblər ki, Tokio Rusiyayla danışıqları “sakit atmosferdə” davam etdirəcək.

Yaponiya tərəfinin bildirməsinə görə, Kozuki Tokionun məsələyə dair mövqeyini Rusiya xarici işlər nazirinin müavini Igor Morgulov-a açıqlayıb. Ancaq detalları barədə bilgi verilmir.

Rusiyanın Kuril adaları ilə bağlı mövqeyi belədir ki, Yaponiya 2-ci Dünya müharibəsinin nəticəsini, Rusiyanın mübahisəli adalar üzərindəki suverenliyini qəbul etməlidir.

Rusiyanın arxipelaqda hərbi bazaları var, oraya raket sistemləri yerləşdirib.

Abenin yanvarın 21-də Rusiyaya səfər edəcəyi gözlənir.