Taliban hücumlarında azı 32 nəfər öldürülüb

Əfqanıstanda əməliyyat, 9 yanvar, 2018-ci il

Yanvarın 10-da Əfqanıstanın dörd vilayətində Talibanın təhlükəsizlik məntəqələrinə hücumlarında azı 32 təhlükəsizlik əməkdaşı öldürülüb.

Hücumlar Kunduz, Bağlan, Taxar və Badğis vilayətlərində törədilib.

Kunduz vilayətində 10 əsgər və polis qətlə yetirilib, 11-i yaralanıb. Həmin döyüşlərdə 25 talibançının da öldürüldüyü bildirilir.


Bağlan və Taxarda isə Talibanın 16 hökumətyönlü döyüşçünü qətlə yetirdiyi bildirilir. Taliban da itki verib.

Badğis vilayətində altı təhlükəsizlik əməkdaşı öldürülür, 10-u yaralanıb.

Talibanın sözçüsü Zabihullah Mujahid qruplaşmanın hücumlara görə məsuliyyəti götürdüyünü bildirib. O, Talibanın onlarla əfqan əsgəri öldürdüyünü, xeyli silah-sursat ələ keçirdiyini vurğulayıb.

***

Əfqanıstanın iki vilayətində Taliban silahlı qruplaşmasının törətdiyi hücumlarda azı 15 polis əməkdaşı öldürülüb, 19 nəfər yaralanıb.

Taxar vilayətində Taliban yaraqlıları polis postuna hücum edib, azı 8 polis əməkdaşı öldürülüb, 14 nəfər yaralanıb.

Bağlan vilayətində isə Taliban nəzarət məntəqəsinə hücum edib, yeddi polis əməkdaşını qətlə yetirib. Hadisə yanvarın 10-da baş verib. Bu insident zamanı azı 5 polis əməkdaşı yaralanıb.

Taliban hələlik, hücumlara görə məsuliyyəti götürməyib.

Son aylar Taliban təhlükəsizlik qüvvələrinə, hökumət obyektlərinə hücumları artırıb. Əfqanıstan və ABŞ hərbçiləri isə yaraqlıların səhra komandirlərinə qarşı əməliyyatları gücləndirib.