Yasamalda baş vermiş partlayişa görə cinayət işi açılıb

FHN

Bu gün, yanvarın 9-da Yasamal rayonunda bir evdə yanğınla nəticələnən partlayışa görə, cinayət işi açılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə açıqlama yayıb.

Açıqlamada bildirilir ki, yanvarın 9-da saat 3 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat alıblar:

“Yanğın söndürüldükdən sonra ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, partlayış nəticəsində həmin ünvanda yaşayan Aydın Məmmədov, arvadı Xuraman Məmmədova və qızı Aygün Məmmədova aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Baxış zamanı həmçinin, fərdi yaşayış evinin yataq otağında divarda yerləşdirilmiş evi qızdırmaq üçün istifadə edilən, nəzarət kranları açıq vəziyyətdə olan 1 ədəd qaz sobası aşkar edilib”

Açıqlamada vurğulanır ki, ilkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş verib.

“Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə tibbi, yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizaları təyin olunmuşdur. Hazırda təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, rəsmi qurumlar bildirir.

Bəzi sosial şəbəkə istifadəçiləri də yazıblar ki, həmin ərazidə tikinti işləri aparılır, oradan bəzi ailələr köçürülüb. Üstəlik, bu üzdən ərazidə tez-tez komunal xidmətlərin kəsildiyi deyilir.

Yanğınla nəticələnən partlayışın baş verdiyi o, evin qonşuluğunda yaşayan bəzi sakinlər də həmin ərazidə tez-tez qazın verilməsinin dayandırıldığını deyiblər.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, yanvarın 9-da Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli, ikiotaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında məlumat yayılıb.

Məlumata görə, partlayış dalğasının təsirindən evin çöl divarının bir hissəsi həyətdə dayanan «Tofaş» markalı avtomobilin üzərinə aşıb.

FHN bildirir ki, hadisə nəticəsində ölənlər var: «Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər 1956-cı il təvəllüdlü Aydın Məmmədovun, 1962-ci il təvəllüdlü Xuraman Məmmədovanın və 1993-cü il təvəllüdlü Aygün Məmmədovanın meyitlərini aşkar edib».

Yanğın söndürülüb, hadisə ilə əlaqədar rəsmi qurumlar təhqiqat aparır. Hadisənin baş vermə səbəbi, hələlik, açıqlanmayıb.

Yanğınla nəticələnən partlayışın baş verdiyi evin qonşuluğunda yaşayan sakinlərin bildirməsinə görə, həmin ərazidə tez-tez qazın verilməsi dayandırılır. Şahidlərin sözlərinə görə, hadisə gecə saatlarında baş verib. Onlar üstəlik, qeyd ediblər ki, üstünə divar uçan avtomobil də elə ev sahibinə məxsus olub.