Birləşmiş Ştatlar və Çinin rəsmiləri yanvarın 7-8-də dünya bazarlarını çalxalamış ticarət mübahisəsinin həllindən ötrü danışıqlar aparacaqlar.
ABŞ-ın nümayəndə heyətinə ticarət təmsilçisinin müavini Jeffrey Gerrish rəhbərlik edəcək. Tərəflər Prezident Donald Trump-ın çinli həmkarı Xi Jinping ilə ötən il Argentinada Böyük 20-liyin sammiti çərçivəsində əldə etdiyi “vacib konsensusun icrasını” müzakirə edəcəklər. Məlumatı yanvarın 4-də Çinin Ticarət Nazirliyi yayıb.
Nazirlik tərəflərin görüşün tarixini yanvarın 4-də telefon danışığı zamanı “təsdiqlədiyini” bildirib, amma bundan artıq açıqlama verməyib.
Ötən il Vaşinqton və Pekin ticarət müharibəsinə baş vurublar, bir-birinin milyardlarla dollarlıq məhsuluna tariflər tətbiq ediblər.
Səhm bazarları qlobal məhsul axınında kəsilmə qorxusu ucbatından böyük itkiylə üzləşib.
Argentinada isə Trump və Xi ticarət müharibəsində atəşkəsə razılaşıblar, dekabrın 1-dən başlayaraq 90 gün ərzində tariflərin tətbiqini ertələməyə boyun olublar.