Senat Azərbaycana yeni səfiri təsdiqləyib

E.Litsenberqer

ABŞ Senatı çərşənbə günü, yanvarın 2-də Erl Litsenberqeri (Earle D.Litzenberger) bu ölkənin Azərbaycanda yeni səfiri kimi təsdiq edib.

Bu barədə «Turan» agentliyinin Vaşinqton müxbiri bildirib.

Qərar Konqresin 115-ci sessiyasının başa çatmasına bir neçə saat qalmış qəbul edilib.

E.Litsenberqerin yaxın günlərdə Bakıya gələcəyi gözlənir.

Bundan əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta olub. O, səfir kimi xidmətini başa vurduqdan sonra bu post 9 ay idi boş qalmışdı.

Bu təsdiqə qədər E.Litsenberqer Dövlət Departamentinin Hərbi-siyasi bürosunda baş müşavir vəzifəsini tutub.

Agentliyin xəbərinə görə, ötən ilin oktyabrında o, senatorlara bəyan edib ki, Azərbaycanın Qərbə inteqrasiyası enerji kəmərləri, ixrac, təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsindən kənara çıxa bilər.

«Birləşmiş Ştatlar habelə, Azərbaycanla demokratiyanın irəliləməsi, qanunun aliliyi, şəffaflıq və açıq iqtisadi prinsiplər əsasında əməkdaşlıq edə bilər. Bu islahatları keçirmək Azərbaycanın da maraqlarına cavab verir», –Litsenberqer bildirib.

O, həmçinin, Amerika dəyərlərini bölüşmək, Azərbaycan mədəniyyəti barədə daha çox bilgi əldə etməkdən ötrü Bakıda cəmiyyətin geniş təbəqələri ilə görüşməyə səy göstərəcəyini vurğulayıb.