Ukraynanın şərqində bir əsgər öldürülüb

Kiyevdə sağçı fəalların etiraz aksiyası

Ukrayna ölkənin şərqində toqquşmalarda bir əsgərin öldürüldüyünü, ikisinin yaralandığını bildirir. Kiyevlə rusiyapərəst separatçılar arasında atəşkəs razılaşmasının əldə olunmasına baxmayaraq, yenidən atışma baş verib.

Müdafiə Nazirliyinin yanvarın 2-də bildirməsinə görə, separatçılar dünən atəşkəsi üç dəfə pozublar, qumbaratanlardan, minaatanlardan istifadə ediblər.

Ukrayna qüvvələrinin cavab atəşi açaraq bir separatçını öldürdüyü, dördünü yaraladığı bildirilir.

Separatçılar isə atəşkəsin pozulmasında Kiyevi ittiham ediblər.

2014-cü ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 10 min 300-dən çox adam öldürülüb. Ölkənin şərqindəki Donetsk və Luqansk regionlarına separatçılar nəzarət edir.

Tərəflər arasında son atəşkəs razılaşması dekabrın 29-da gecəyarısından qüvvəyə minib.