Ukraynada hərbi vəziyyət başa çatıb

Petro Poroshenko

Ukraynada hərbi vəziyyətin başa çatdığı rəsmən elan olunub. Bu barədə qərarı prezident Petro Poroshenko özü elan edib. Xəbəri Reuters agentliyi yayıb.

Ukraynada hərbi vəziyyət noyabrın 28-dən tətbiq olunurdu.

Petro Poroshenko bildirib ki, rəsmi Kiyev bölgədəki duruma baxmayaraq Azov dənizindəki limanlarından imtina etməyəcək.

“Qəti surətdə qeyd edirəm ki, Ukrayna heç vaxt Azovdakı limanlarından istifadəsinə son qoymayacaq. Həqiqət bizim tərəfimizdədir, qanunlar, xüsusən də beynəlxalq hüquq, beynəlxalq dəstək bizim tərəfimizdədir və biz bütün diplomatik vasitələrdən istifadə edəcəyik” - deyə Poroshenko bildirib.

Ölkə başçısı onu da qeyd edib ki, hərbi vəziyyəti davam etdirməməsinin bir səbəbi də qarşıdan gələn – martın 31-nə təyin olunan prezident seçkisidir:

“Sizinlə səmimi olacam. Əgər seçki olmasaydı, biz Ali Radadan hərbi vəziyyətin müddətini uzatmağı istəyərdik. Amma son bir ay ərzində – hərbi gərginlik dövründə biz müdafiə qabiliyyətimizi və beynəlxalq arenadakı mövqelərimizi gücləndirmək üçün çox işlər görmüşük”.

Xatırlatma

Ukrayna parlamenti Azov dənizində Ukrayna gəmilərinin Rusiya tərəfindən tutulmasının ardınca noyabrın 28-dən 30 gün müddətində hərbi vəziyyət elan edilməsinə səs vermişdi.

Hərbi vəziyyətin elan edilməsi Poroshenko hökumətinə ictimai nümayişlərin qadağan edilməsi, mediayaya nəzarət olunması və nəhayət martın sonlarına nəzərdə tutulmuş prezident seçkisinin təxirə salınması səlahiyyətləri verirdi.

Rəy sorğuları Petro Poroshenko-nu çətin seçkinin gözlədiyini göstərir.

Rəsmi Moskva Azov dənizindəki insidenti prezident seçkiləri ərəfəsində Poroshenko-nun reytinqini yüksəltmək üçün təxribat adlandırıb.