Prezidentdən həmrəylik təbriki

İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik məktubu yayıb.

«Milli birliyimizin rəmzi kimi hər il geniş qeyd etdiyimiz 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi səmimi qəlbdən salamlayır, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram»,-deyə dövlət başçısı Azərbaycan xalqını təbrik edib.

İ.Əliyevin vurğulamasına görə, keçmiş prezident Heydər Əliyevin azərbaycançılıq ideyalarını yaşadan müstəqil Azərbaycan dövləti milli həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verir.

Dövlət başçısı habelə bildirib ki, xalqın tarixində şərəfli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin 2018-ci ildə 100 illiyinin geniş şəkildə keçirilməsi yaddaşlarda qalacaq: «Bu gün əminliklə demək olar ki, 100 il əvvəl mühacir həyatı yaşamağa məcbur olmuş Cümhuriyyət qurucularının və onların varislərinin Azərbaycanı müstəqil və qüdrətli dövlət kimi görmək arzuları artıq xoş gerçəkliyə çevrilmişdir».

Prezident məktubunda Dağlıq Qarabağ münaqişəsinə də toxunub: «Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi taleyüklü vəzifə dayanır. Azərbaycan pozulmuş ərazi bütövlüyünün bərpası yolunda ardıcıl və məqsədyönlü siyasət həyata keçirir...».

Xatırlatma

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycanda Yeni il bayramı ilə birlikdə dekabrın 31-də keçirilir. O, Azərbaycanda 1992-ci ildən, mərhum prezident Əbülfəz Elçibəyin fərmanına əsasən qeyd edilir.1989-cu il dekabrın son günlərində Azərbaycan SSRİ-nin İranla sərhəd bölgələrində sərhəd dirəkləri sökülüb. Bu o vaxt İranda yaşayan azərbaycanlılarla həmrəylik aksiyaları sayılıb.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ da daxil 20 faiz ərazisi işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.