Krım körpüsünün açılması ‘ən önəmli’ hadisədir

Kerç boğazından çəkilmiş körpü

Rusiyalılar üçün bu ilin ən önəmli hadisələri Krım körpüsünün açılması, pensiya yaşının artırılması və prezident seçkiləridir. Bunu “Levada” mərkəzinin keçirdiyi sorğu üzə çıxarıb.

Rəyi soruşulanların 47 faizi Rusiyanı Ukraynadan ilhaq etdiyi Krım yarımadası ilə birləşdirən körpünün adını çəkib. İkinci yerdə pensiya islahatı durur – 46 faiz. Respondentlərin 37 faizi prezident seçkisini ən önəmli hadisə sayır.

Sonrakı yerlərdə futbol üzrə dünya çempionatı və Kemerovodakı “Qış albalısı” ticarət mərkəzində baş vermiş yanğın gəlir. Kerç boğazında Ukrayna ilə qarşıdurma, Suriya müharibəsi də rusiyalıların əhəmiyyətli hesab etdiyi hadisələr sırasındadır.

Rəyi soruşulanların yalnız 7 faizi İngiltərənin Solsberi şəhərində keçmiş ikili agent Sergei Skripal və qızının zəhərlənməsini, 6 faizsə Rusiyada Telegram messencerinin bloklanmasını önəmli sayır.

Rusiyalıların demək olar yarısı üçün bu il ötənilkindən ağır keçib.