AB təmsilçisi Azərbaycanla müzakirələrdən danışdı

Azərbaycan-Avropa Birliyi

«Aviasiya müqaviləsi üzrə danışıqların dayandırılması barədə düşünmək belə istəmirik».

«Turan» agentliyinin məlumatına görə, Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas dekabrın 13-də jurnalistlərə açıqlamasında belə deyib. O vurğulayıb ki, nəzəri cəhətdən, AB aviasiya müqaviləsi üzrə danışıqlarda nəticələrin olmaması səbəbindən bu prosesi dayandıra bilər.

«Amma indi biz hadisələrin bu cür inkişafı barədə düşünmək istəmirik», - deyən səfir qeyd edib ki, gələn ilin fevral ayında Bakıda nəqliyyat məsələləri üzrə AB-Azərbaycan görüşü keçiriləcək. Həmin görüşdə müzakirə ediləcək əsas mövzulardan biri aviasiya müqaviləsi olmalıdır.

«Azərbaycan nəqliyyat habına (fəaliyyət mərkəzi və ya toplanma mərkəzi) çevrilmək istəyir. Onun çərçivəsində qatarların, yüklərin keçməsini, tranzit yüklərin gömrük prosedurlarını sadələşdirmək planlaşdırılır. Ancaq aviasiya bu nəqliyyat habının açarıdır və tərəflər bu mövzunu müzakirə edəcəklər», - o bildirib.

K.Yankauskasın sözlərinə görə, aviasiya sahəsində əməkdaşlığın inkişafı Azərbaycan iqtisadiyyatının inkişafına kömək edəcək.

«Biz Azərbaycan tərəfinin nəzərinə çatdırmaq istəyirik ki, AB ilə aviasiya sazişi bu ölkəyə uçan aviaşirkətlərin sayının artmasına kömək edəcək. Nəticədə aviabiletlərin qiyməti daha əlverişli olacaq və bu da Azərbaycana gələn turist sayının və uyğun olaraq, ölkənin gəlirlərinin artmasına kömək edəcək. Aviasiya müqaviləsi olsa, Azərbaycan indikindən daha çox qazanacaq», - K.Yankauskas bildirib.

Səfir deyib ki, fevral danışıqlarından sonra bu istiqamətdə irəliləyiş olacağına ümid edir.

Aviasiya müqaviləsi üzrə AB-Azərbaycan danışıqları 2013-cü ildə başlanılıb. Böyük fasilədən sonra 2017-ci ildə bərpa olunub.

Danışıqların son tarixi

K.Yankauskas AB ilə Azərbaycan arasında imzalanması gözlənilən tərəfdaşlıq sazişindən də danışıb. O deyib ki, 2019-cu ilin mayına qədər Bakı ilə yeni saziş üzrə danışıqları yekunlaşdırmaq istəyirlər.

«2019-cu ilin mayında AB-nın «Şərq Tərəfdaşlığı» Proqramının 10 illik yubileyi qeyd olunur. AB bu tarixə qədər Azərbaycanla yeni saziş üzrə danışıqları yekunlaşdırmaq istəyir», - deyən səfir sazişin iqtisadi blokunda tərəflərin xeyli irəliləyiş əldə etdiyini söyləyib.

«Sentyabrda AB və Azərbaycan arasında viza və readmissiya məsələləri ilə bağlı danışıqlar aparılıb. İrəliləyiş əldə edilib, dialoqun başlaması və viza prosedurlarının liberallaşdırılması məsələsi üzrə ilk addım atılıb», - deyə o bildirib.

Readmissiya sazişi – hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz ölkəsinə və ya tranzit kimi istifadə etdiyi ölkəyə qaytarılması proseduralarını müəyyənləşdirən razılaşmadır.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla Assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulun 6-da Azərbaycanla AB arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Ötən ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Müxtəlif sahələr üzrə əməkdaşlığın əks olunduğu bu danışıqlar hələ ki, yekunlaşmayıb. Ermənistan isə AB ilə ötən ilin noyabrında artıq tərəfdaşlıq sazişi imzalayıb.