Dekabrın 5-də Vaşinqtonun böyük hissəsi keçmiş prezident George Bush-un anım mərasiminə görə bağlanıb. O, noyabrın 30-da 94 yaşında dünyasını dəyişib.
Bush-un dövlət dəfn mərasimi bu gün Vaşinqton Dövlət Kilsəsində keçiriləcək, televiziyayla canlı yayımlanacaq.
Mərhum prezidentin oğlu, Birləşmiş Ştatların 43-cü prezidenti George W. Bush mərasimdə çıxış edəcək. Keçmiş prezidentlər Jimmy Carter, Bill Clinton və Barack Obama-nın da həyat yoldaşları ilə tədbirə qatılacaqları gözlənir.
Prezident Donald Trump birinci ledi Melania ilə dəfn mərasimində iştirakı planlaşdırsa da, çıxış etməyəcək. Trump əvvəllər Bush ailəsini məsxərəyə qoymasıyla seçilib. 1973-cü ildən bəri ilk dəfədir ki, vəzifədə olan prezident mərhum prezidentin dəfnində çıxış eləmir.
Vaşinqtonda vaxtıyla səhər 11-də başlayacaq tədbirdən sonra Bush-un cənazəsi Hyustona qaytarılacaq, apreldə dünyasını dəyişmiş həyat yoldaşı Barbara və 1953-cü ildə 3 yaşında xəstəlikdən vəfat etmiş qızı Robinin yanında basdırılacaq.