Tərtərdəki partlayışda 5 nəfər xəsarət alıb

Yanacaqdoldurma məntəqəsi

Bu gün, noyabrın 29-da Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayışda 5 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, partlayış rayonun Qaradağlı kəndindəki “PAT OIL” yanacaqdoldurma məntəqəsinin ərazisində baş verib.

Nazirlik bildirir ki, hadisə yanacaqdaşıyan avtomobildən tutumu 60 ton olan yeraltı yanacaq çəninə benzin doldurularkən baş verib.

Çənin üst qapağında partlayış nəticəsində alışma baş verdiyi, nəticədə çənin üst hissəsinin, onun üzərində quraşdırılmış elektrik kabellərinin yandığı qeyd edilir.

Hadisə zamanı yanacaqdoldurma məntəqəsində işləyən 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumatda yanacaqdoldurma məntəqəsinin ərazisində olan yanacaqla dolu yeraltı çənlərin və digər avadanlıqların yanğından mühafizə olunduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

FHN-nin məlumatından öncə isə bir sıra kütləvi informasiya vasitələrində yayılan xəbərlərdə hadisə nətcəsində iki nəfərin xəsarət aldığı bildirilirdi.

Səhiyyə Nazirliyi də bildirmişdi ki, hər iki şəxsin vəziyyəti ağırdır.

“Bu şəxslərdən hər ikisi ikinci dərəcəli yanıq xəsarətləri alıblar, birinin bədən səthi bütünlüklə yanıb, ikincinin isə bədən səthinin 70-80 faizi yanıb”, - deyə nazirlikdən qeyd etmişdilər.