«Bu il Azərbaycanda 132 min hektar ərazidə pambıq əkilib. Gələn il isə 100 min hektar sahədə pambıq əkini nəzərdə tutulur».
«Report» xəbər verir ki, bunu noyabrın 27-də kənd təsərrüfatı naziri İnam Kərimov Masallı rayonundakı Dövlət Aqrar Mərkəzinin (DAİM) açılışında deyib.
«Pambıq mövsümünün sonundayıq. Bu günə (noyabrın 27-si) qədər 215 min ton pambıq tədarük edilib. Bu il orta məhsuldarlıq ötən illə müqayisədə çox – hər hektara 16 sentnerdir. Gələn il daha çox məhsuldarlıq əldə etmək niyyətindəyik. Məqsədimiz intensiv məhsuldarlığa nail olmaqdır», - deyə nazir qeyd edib.
Son illər ölkədə pambıqçılıq əsas hədəf sahələrdən sayılırdı. Son 3 ildə ölkədə pambıq sahələri bir xeyli artırılmışdı.
2016-cı il ölkədə 52 min 57 hektar sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ildən 33 min hektar çox idi. 2017-ci ildə isə pambıq sahələri daha da artırılmışdı.
Ancaq ötən il də elə təxminən bu qədər - 207 min ton pambıq tədarük edilmişdi.
Müxalifət ölkədə pambıq sahələrinin artırılmasına görə hökuməti tənqid edirdi. Onların fikrincə, «pambıqçılıq qul əməyidir və qazancı da elə də yüksək deyil».