O.Baxışlının vəkillərinin vəsatətləri təmin edilməyib

O.Baxışlı

Bu gün, noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Orxan Baxışlının məhkəməsi başlayıb.

Açıq keçirilən hazırlıq iclasında AXCP fəalının vəkillərindən Elçin Sadıqov 5 vəsatət təqdim edib.

Vəkil prosesin məhkəmə istintaqı ilə aparılmasını və O.Baxışlı saxlanan zaman üzərindən tapıldığı iddia olunan narkotik maddənin yararlılığını təyin etmək məqsədilə ekspertizanın keçirilməsini məhkəmədən xahiş edib.

Məhkəmədən həmçinin, bu işdə hal şahidlərinin oxşar işlərdə iştirakının və Bakı Şəhər Baş Polis İdarəsinin qeydiyyat kitabında əməliyyat məlumatının olub-olmamasının öyrənilməsi istənilib. Vəkillər cinayət işi materiallarında adları «əməliyyat məlumatı verənlər» kimi keçən şəxslərin qapalı məhkəmə iclasında dindirilməsini də məhkəmədən xahiş ediblər.

Öz növbəsində, dövlət ittihamçısı Ramiz Allahverdiyev vəsatətlərin əleyhinə çıxıb, məhkəmədən onların təmin edilməməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsinin Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası bütün vəsatətləri geri çevirərək, məhkəmə baxışını dekabrın 10-na təyin edib.

Xatırlatma

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı bu il mayın 7-də saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur. Gənc fəal ittihamı rədd edir, narkotiki cibinə polislərin atdığını deyir.

AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovu bu hakimiyyətin qətlə yetirdiyini bildirib. Hakimiyyət rəsmiləri isə belə iddiaları rədd edir və E.Hüseynovun qətilində günahkar olanların tapılıb cəzalandırılmasında maraqlı olduqlarını söyləyirlər. Həmin qətldən 13 il keçib.

Üstəlik, hakimiyyət rəsmiləri tez-tez bəyan edirlər ki, ölkədə insanlar hər hansı fikir, tənqid və siyasi fəaliyyətlərinə görə yox, konkret əməlləri ilə bağlı məsuliyyətə cəlb edilirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsində Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyası O.Baxışlını 6 il azadlıqdan məhrum edib.