Avropa Şurasının Prezidenti Donald Tusk deyir ki, Britaniya və Avropa Birliyi gələcək münasibətlərinə dair bəyannaməni prinsipcə razılaşdırıblar, blok liderləri irəlidəki sammit zamanı onu təsdiqləyə bilərlər.
Britaniya martın 29-da Avropa Birliyindən çıxır. Diplomatlar bu tərketmənin şərtləri, gələcək münasibətlərinin çevrəsi üzrə razılaşmanı tamamlamağa çalışırlar. AB liderləri noyabrın 25-də sammit keçirəcəklər.
“Komissiya Prezidenti Jean-Claude Juncker mənə bildirdi ki, danışmanlar səviyyəsində, siyasi səviyyədə razılaşma əldə olunub, indi liderlərin onu təsdiqləməsi qalır”, – Tusk deyib.
O, mətnin noyabrın 21-də Juncker və Britaniyanın Baş naziri Theresa May tərəfindən müzakirə olunduğunu bildirib.
May bu gün parlamentdə Brexit danışıqlarının durumu barədə bəyanat verməlidir.
Bəyanatın mətnini indi AB-nin qalan 27 üzvü nəzərdən keçirməlidir, təmsilçilər noyabrın 22-də Brüsseldə bir araya gəlirlər.