Rumıniyanın baş naziri ölkəsinin demokratik islahatların aparılmasında gecikməsinə dair Avropa Birliyinin (AB) tənqidini qəbul etməyib. Nazir Buxarestin gələn ildən AB-də rotasiyalı prezidentliyi təhvil almağa hazır olduğunu söyləyib.
“Sizi əmin edirəm ki, Rumıniya logistik və təşkilati nöqteyi-nəzərdən buna hazırdır”, – Baş nazir Viorica Dancila noyabrın 13-də deyib. O, AB-nin ölkədə məhkəmə sistemini tənqid edən hesabatını pisləyib. Dancila hesabatı “tamamilə ədalətsiz” və siyasi motivli adlandırıb.
Rumıniya Prezidenti, müxalifətdən olan siyasətçi Klaus Iohannis isə noyabrın 12-də demişdi ki, ölkəsi yanvardan AB-yə altıaylıq prezidentlik etməyə “tamamilə hazırlıqsızdır”.
Iohannis noyabrın 13-də Rumıniyanın siyasi liderlərinin AB-nin hesabatına cavab olaraq dərhal hərəkətə keçməyə çağırıb.
Hesabatda deyilir ki, Rumıniya son 10 ildə demokratik islahatların gerçəkləşməsində geriləyib.