Fransanın Belqraddakı səfiri Serbiya Prezidenti Aleksandar Vucic-dən onun Parisdəki tədbir zamanı üzləşdiyi münasibətə görə üzr istəyib. Vucic 1-ci Dünya Müharibəsinin bitməsinin 100 illiyi tədbirlərində gördüyü davranışdan dilxor olduğunu bildirmişdi.
Vucic bir gün öncə dünyanın onlarla lideri ilə birlikdə Parisdə anım mərasimlərinə qatılmışdı.
Noyabrın 11-də keçirilən tədbirdə Kosovo Prezidenti Hashim Thaci Fransa, Almaniya, Rusiya və Birləşmiş Ştatların liderlərindən arxada yer alıb, Vucic isə əks tərəfdə, ayrıca dayanıb.
“Gördüyümə inanmırdım, özəlliklə də serb xalqının 1-ci Dünya Müharibəsində verdiyi qurbanı nəzərə alanda”, – Vucic tədbirdən sonra Serbiya mediasına deyib.
Tarixçilər Serbiyanın əhali sayına görə müharibədə istənilən digər ölkədən daha çox qurban verdiyini deyirlər.
Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib, Belqrad onu tanımayıb.
Səfir Frederic Mondoloni noyabrın 12-də üzrxahlıq dilə gətirib. O, Prva TV-yə deyib ki, Parisdəki mərasimdə qonaqların yerləşdirilməsi “təəssüf doğuran səhv idi” və Vucic-dən və serb xalqından üzrxahlığını qəbul etmələrini istəyib.
Vucic tvitində Mondoloni-yə təşəkkür edib.