Kabildə intiharçı etirazçılara hücum edib

Kabildə intiharçı hücumundan sonra, arxiv fotosu

Kabildə etirazçılara intiharçı hücumu olub. Əfqanıstan təhlükəsizlik rəsmilərinin AzadlıqRadiosu-na bildirməsinə görə, noyabrın 12-də intiharçı partlayışı törətsə də, etirazçılara yaxınlaşa bilməyib.

İntiharçı hücumunda azı altı nəfər öldürülüb.

Etirazçılar isə hökumətin ölkənin əsas şiə Hazara azlığını Taliban hücumlarından qoruya bilməməsinə qarşı səslərini ucaldıblar.

Yüzlərlə adam Kabilin qərb hissəsindən mərkəzdə yerləşən Prezident Sarayına doğru addımlayıb. Onlar əsasən Hazaraların yaşadığı Qəzni və Oruzqan vilayətlərində təhlükəsizliyin olmamasına etiraz ediblər.

Adıçəkilən vilayətlərdə bir həftədir taliban hücumları baş verir.

Noyabrın 11-də yaraqlıların Qəznidə 15 dinc sakini, xüsusi qüvvələrin 10 üzvünü öldürdüyü bildirilir.

Qərbi Farah vilayətində isə noyabrın 11-də axşam Taliban hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 37 üzvü öldürülüb.