İranın neft tankerləri ‘ətraf mühit fəlakətinə yol açır’

Şərqi Çin dənizində yanan İran gəmisi

Birləşmiş Ştatlar digər ölkələrə xəbərdarlıq edir ki, İranın neft tankerlərini limanlarına buraxmasınlar, çünki tankerlərə görə sanksiyalar çərçivəsində təkcə cərimə kəsilməyəcək, onlar “ətraf mühit fəlakəti”ni də yol aça bilərlər.

Dövlət Departamenti noyabrın 7-də qlobal gəmiçilik və sığorta sənayelərinə xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, İran tankerlərinin sığortalanmasına görə sanksiyalar çərçivəsində cərimə kəsiləcək.

Vaşinqton İrana sanksiyaların bərpasında niyyətinin Tehrana davranışını dəyişməsi üçün “maksimum təzyiq” göstərmək olduğunu deyir.

İRAN TANKERLƏRİ ÖZÜ SIĞORTALAYARSA...

Birləşmiş Ştatların İran üzrə xüsusi təmsilçisi Brian Hook deyib ki, böyük sığortaçılar İran gəmilərini qəbul etməsələr, Tehran yerli sığorta şirkətlərinə üz tutmalı olacaq, onlar isə dəniz qəzalarına görə itkiləri kompensasiya etmək gücündə olmayacaqlar. Burada söhbət milyardlarla dollardan gedir.

Brian Hook

Ölkələr, limanlar, kanal operatorları və özəl şirkətlər bilməlidirlər ki, İranın özünün sığortaladığı tankerin etdiyi qəzanın xərclərinə görə məsuliyyət daşıyacaqlar”, – Hook jurnalistlərə deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar qəzaların baş verməyəcəyinə “səmimi inanır”. Ancaq onu da yada salıb ki, yanvarda İran tankeri Şərqi Çin Dənizindəki böyük qəzaya düşdü, gəmi və heyəti itdi, nəhəng neft sızması baş verdi.

Hook deyib ki, departamentin əlində sübut var – İran gəmiləri toqquşmaları önləmək üçün istifadə olunan məkan transponderlərini söndürməklə ABŞ sanksiyalarından yayınmağa çalışırlar, yəni bu halda İrandan neft ixracının izinə düşmək çətinləşir.

Bu taktika dənizdə təhlükəsizliyə hədədir. Bu transponderlərin... söndürülməsi qəza riskini artırır. İranın özünün sığortaladığı və ehtiyatsız davranan tankerlər ətraf mühit və maliyyə fəlakətini artırır”, – rəsmi vurğulayıb.

Noyabrın 5-dən İranın enerji, maliyyə, gəmiçilik sektorlarını hədəfləyən sanksiyalar qüvvəyə minib. ABŞ Prezidenti Donald Trump mayda İranla 2015-ci il nüvə sazişindən çıxdığını, sanksiyaların bərpa olunacağını açıqladı.

Bu sanksiyaların məqsədi İranın əsas gəlir mənbəyini – neft ixracını azaltmaqdır.