Astaraçay daşıb

Astaraçay

Noyabrın 6-dan 7-nə keçən gecə cənub rayonlarına yağan leysan nəticəsində Astaraçay çayı daşıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) noyabrın 7-də səhər saatlarında yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, Astara rayonunun Rudəkənar kəndində bəzi ərazilərə daşqın və yağış suları dolub.

Nazirlik bildirir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə Cənub Regional Mərkəzinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb olunub.

«Rayonun Rudəkənar kəndində həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 21 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində bəndbərkitmə işləri aparılır. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri bəndbərkitmə işlərinin aparıldığı ərazidə növbə çəkirlər», - məlumatda vurğulanır.