Milyonlarla adam humanitar yardımdan məhrumdur

Tbilisidə dolu, 2016-cı il

Böhran içində yaşayan milyonlarla adam həddən artıq ehtiyacı olduğu humanitar yardımı ala bilmir. Bu xəbərdarlıqla Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri bu gün – oktyabrın 31-də açıqladığı hesabatda çıxış edib.

“2018-ci ildə Dünyadakı Fəlakətlər Hesabatı”nda deyilir ki, milyonlarla adamın kənarda qalmasını təkcə humanitar yardımın azlığı ilə əlaqələndirmək olmaz.

Qurumun bildirməsinə görə, bu il 134 milyon nəfərin humanitar yardıma ehtiyacı var, ancaq yalnız 97 milyon nəfər onu əldə edə biləcək.

Hesabatda son 10 ildə baş vermiş təbii fəlakətlərin təsnifatı da aparılıb. 2008-2017-ci illərdə 3 min 751 təbii fəlakət 2 milyard nəfərə təsir göstərib.

Bu fəlakətlərin 84 faizi hava şəraiti ilə bağlıdır, daşqınlar birinci yerdədir. Tufanlar, isti dalğaları, torpaq sürüşmələri, yanğınlar, vulkan püskürmələri, zəlzələlər də təbii fəlakətlər sırasındadır.

Son 10 ildə təbii fəlakətlərdə 700 mindən çox adam həlak olub. Onlardan yarıdan çoxu zəlzələlər nəticəsində dünyasını dəyişib.

Təbii fəlakətlərdən ABŞ-a 525 milyard dollar, Çinə 319 milyard, Yaponiyaya 247 milyard dollar ziyan dəyib.

Hindistan və Yeni Zelandiya da ilk onluqdadır.