İndoneziyada havaya qalxandan az sonra dənizə düşmüş təyyarədəki 189 nəfərin “yəqin” həlak olduğu bildirilir.
Oktyabrın 29-da dənizin qəza etdiyi yerdə artıq insan cəsədləri aşkarlanıb.
“Fikrimcə, qəzadan sağ çıxan olmayıb, artıq qurbanlar aşkarlanır”, – axtarış və xilasetmə agentliyinin əməliyyat direktoru Bambang Suryo Aji reportyorlara deyib.
Boeing-737 MAX təyyarəsi Cakartada havaya qalxandan 13 dəqiqə sonra radardan itib.
Hələlik, qəzanın səbəbi barədə açıqlama verilmir.
***
İndoneziyanın Lion Air şirkətinə məxsus sərnişin təyyarəsi Sumatra adası yaxınlığında dənizə düşüb. 188 nəfərin olduğu təyyarədə salamat qalanların olub-olmadığı bilinmir. Təyyarə Cakartadan qalxıbmış.
“Təyyarənin qəza etdiyi təsdiqlənib”, – Milli Axtarış və Xilasetmə Agentliyinin sözçüsü Yusuf Latif oktyabrın 29-da səhər bildirib.
Flightradar 24 hava xidməti təyyarənin Boeing 737 MAX olduğunu bildirir.
737 MAX Boeig-in müasir, yanacağı qənaətlə işlədən versiyasıdır.
Bu model 2017-ci ildə istifadəyə verilib və bu, ilk qəzası sayılır.
Boeing şirkəti tvitində bildirib ki, məlumatlardan xəbərdardır, durumu “yaxından izləyir”.
İndoneziyada 17 mindən çox ada var, ərazisini daha çox hava nəqliyyatı bir-birinə bağlayır. Son illər bu ölkədə bir neçə ağır hava nəqliyyatı qəzası qeydə alınıb.