İordaniyada qəfil daşqın azı 18 şagirdin və müəllimin həyatına son qoyub. Hadisə oktyabrın 25-də Ölü Dənizin yaxınlığındakı bulağı ziyarət zamanı baş verib. 35 nəfərin xəsarət aldığı bildirilir.
Ölənlərin çoxunun yaşı 14-dən az olub.
Vertolyotlar və xilasedicilər vasitəsilə 34 nəfəri xilas etmək mümkün olub. İsrail ordusu İordaniya hökumətinin xahişilə hadisə yerinə axtarış-xilasetmə briqadası göndərdiyini bildirib.
Rəsmi məlumata görə, 37 şagird və yeddi müəllim bulaq başında yemək yeyən zaman qəfil daşqın onları yaxalayıb. Daşqın şagirdlərdən bəzilərini Ölü Dənizin 4-5 kilometrliyinə aparıb.
Ölü Dənizdə leysan yağışlar nəticəsində tez-tez daşqınlar baş verir. Apreldə 10 israilli tələbə oxşar daşqın zamanı həlak olmuşdu.
İordaniyanın Baş naziri Omar Razzaz hadisə yerinə gedib. Kral 2-ci Abdullah isə oktyabrın 26-da Bəhreynə planlaşdırılan səfərini təxirə salıb.