Pashinian ABŞ-la daha sıx münasibətlər qurulmasını istəyir

Nikol Pashinian (sağda) və John Bolton

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Pashinian deyir ki, Ağ evin milli təhlükəsizlik müşaviri John Bolton-la danışıqlar “aşırı müsbət atmosferdə” keçib.

“Məncə, Ermənistan- ABŞ münasibətlərini yeni səviyyəyə çatdırmaqdan ötrü real imkan var. Biz bu fürsətdən yararlanmağa hazırıq”, – Pashinian oktyabrın 25-də Facebook səhifəsində yazıb.

Ermənistan həmişə Rusiya ilə sıx münasibətlər qurub, amma Pashinian mayda hakimiyyətə gələndən bu münasibətlər barədə suallar yaranıb. O zaman Moskvaya yaxınlığı ilə seçilən Serzh Sarkisian hakimiyyətdən getdi.

Bolton oktyabrın 24-də Azərbaycanda rəsmilərlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

O, Bakıda demişdi ki, Birləşmiş Ştatlar münaqişənin dinc yolla həllini dəstəkləməkdə davam edəcək.

Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsində 1988-94-cü illər ərzində 30 minədək adam ölüb, yüz minlərlə adam evindən didərgin düşüb. Qarabağ separatçılarının qurduğu rejimi dünya ictimaiyyəti tanımayıb.

Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur.