Saç kreminin içindən heroin çıxıb

Saç kreminin içində heroin

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) bildirir ki, İrandan gələn Azərbaycan vətəndaşına məxsus saç kreminin içində heroin aşkarlanıb.

Qurumun bu gün, oktyabrın 25-də yaydığı məlumatda bu olayın Cənub Ərazi Baş Gömrük İdarəsinin «Biləsuvar» gömrük postunda baş verdiyi qeyd edilir.

«Həmin şəxsin əl yükünün yoxlanması zamanı sellofan torbada saç kremi qutusunun içərisində kremə qarışmış və gömrük nəzarətindən gizlədilmiş halda 2 ədəd büküm aşkarlanıb. Həmin bükümlərdə isə xalis çəkisi 100.565 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 10.050 qram olan xırda kristal şəklində psixotrop maddə - metamfetamin aşkar edilib», - məlumatda vurğulanır.

DGK-in yaydığı məlumatda əl yükündə heroin aşkarlandığı deyilən vətəndaşın adı açıqlanmır və onun ittihama münasibəti bildirilmir.