Rusiyanın Antarktikadakı stansiyasının tədqiqatçısı həmkarını emosional zəmində bıçaqlayaraq yaralayıb. Məlumatı Rusiyanın Interfax xəbər agentliyi yayıb.
Agentliyin oktyabrın 23-də bildirməsinə görə, insident stansiyanın bufetində baş verib. Xəsarət almış tədqiqatçı Çilidə xəstəxanaya yerləşdirilib.
Məlumatı Rusiya rəsmiləri, hələlik, şərh etməyib.
Interfax yazır ki, həmkarını bıçaqlamış Sergei Savitsky könüllü olaraq Bellingshausen Stansiyasının rəhbərinə təslim olub, ev dustağı edilib.
Agentlik insidentin “qapalı məkanda yaranmış gərginlik” nəticəsində baş verdiyini yazır.
Bellingshausen stansiyasını Sovet İttifaqı 1968-ci ildə yaradıb, ona 19-cu əsrdə Antarktidanı tədqiq etmiş rusiyalı tədqiqatçının adı verilib.