Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev-in keçmiş müşaviri maliyyə fırıldağı ittihamıyla Rusiyada saxlanıb və Qırğızıstana aparılıb.
Ikramjan Ilmiyanov Atambaev-in son aylar ərzində korrupsiyada ittiham olunaraq saxlanan, işdən çıxarılan müttəfiqlərindən biridir.
Medianın yazmasına görə, o, oktyabrın 20-də Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən saxlanaraq Bişkekə aparılıb.
Elə həmin gün yerli məhkəmə onun noyabrın 28-dək həbsdə saxlanması barədə qərar çıxarıb.
Komitə oktyabrın 19-da Ilmiyanov barəsində axtarış qərarının çıxarıldığını bildirmişdi. O, Atambaev-in müşaviri və işlər idarəsinin rəis müavini kimi çalışıb.
Atambaev 2017-ci ildə, bir dönəm prezident olandan sonra vəzifədən gedib, ovaxtkı baş nazir Sooronbai Jeenbekov-un bu posta namizədliyini dəstəkləyib.
Bu ilin martından Atambaev Jeenbekov-u açıq şəkildə tənqid etməyə başlayıb.
Atambaev-in baş nazirləri olmuş Sapar Isakov və Jantoro Satybaldiev də iyunda korrupsiya ittihamları ilə saxlanıblar.