Ədliyyə nazirliyinin şöbəsi İlqar Məmmədova cavab verdi

İlqar Məmmədov

Ədliyyə Nazirliyinin Yasamal rayonu İcra və Probasiya şöbəsi REAL Partiyasının sədri İlqar Məmmədova cavab məktubu göndərib.

İlqar Məəmədov bir müddət öncə bu quruma göndərdiyi müraciətdə oktyabrın 17-də Brüsseldə keçiriləcək beynəlxalq konfransa qatıla bilməkdən ötrü icazə istəmişdi.
Onu Avropa Parlamentinin "Avropa uğrunda Liberal Demokratlar Alyansı”nın (ALDE) deputatları oktyabrın 17-də Brüsseldə keçiriləcək beynəlxalq konfransda çıxış etməyə davət etmişdilər.

Konfrans Beynəlxalq İnsan hüquqları Bəyannaməsinin 70 illiyinə həsr edilmişdi

İlqar Məmmədova İcra və Probasiya şöbəsindən gələn cavab məktubda isə vurğulanıb ki, ölkədən çıxışa qoyulan məhdudiyyətin götürülməsi onlarlıq deyil:

“Bununla bağlı uyğun hüquqi addımları atacağıq”, deyə İlqar Məmmədov da öz növbəsində qeyd edir.

Bundan əvvəl şərti cəza verilən şəxslərdən hüquq müdafiəçisi İntiqam Əliyevə xaricə səfər etməyə icazə verilmişdi. İntiqam Əliyev həbsdən buraxıldıqdan bir neçə həftə sonra Avropaya səfər edib, beynəlxalq tədbirlərdə iştirak etmişdi. Ancaq araşdırmaçı jurnalist Xədicə İsmayılın eyni müraciəti təmin edilməyib.

Azərbaycanda Probasiya xidməti ötən il yaradılıb. Ölkə prezidenti bundan ötrü fevralın 10-da "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncam vermişdi.

Xatırlatma

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

AİHM İlqar Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən etdiyini vurğulayıb. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq, onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə bu il avqustun 13-də İ.Məmmədov azadlığa buraxılıb.O, 2 il sınaq müddəti şərti ilə azadlığa çıxıb. Şərti cəza müddətində onun ölkədən çıxışına yasaq var.