Badamdardakı sürüşmə sahəsində gərginlik hələ qalır

Azərbaycan Bayıl

Badamdar sürüşmə sahəsində gərginlik qalmaqdadır.
Bau barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaratdığı Qərargahın bu gün, oktyabrın 20-i saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən yaydığı məlumatında bildirilir.

“Sürüşmə kütləsi üzərində xırda hissəciklərin uçqun tipli hərəkəti və kiçik tipli axmalar qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik baş verməyib”, məlumatda vurğulanır.

Qərargahın saat 9:00-a olan monitorinqlərinə əsasən, bundan əvvəl yaydığı məlumatda isə sürüşmə zonasının sağ və sol hissəsində yeni çatlar müşahidə edildiyi qeyd olunurdu.

Xatırlatma

Bayıl qəsəbəsi, 20-ci Sahə adlı ərazidə 2013-cü ildə də sürüşmə baş verib. Həmin vaxt ərazidə (kanalizasiya yoxdur) qrunt sularının çəkilməsindən ötrü 7 quyu qazılıb. Bu ərazidə son dönəmlər isə ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.

Bundan başqa, son günlər Bayıl ərazisində başqa yerlərdə, Zığ qəsəbəsində və Bakının mərkəzində də sürüşmə halları baş verib.