Oktyabrın 29-u və 30-da Azərbaycan ilə Avropa Birliyi (AB) arasında təhlükəsizlik üzrə ilk dialoq keçiriləcək.
«Turan» agentliyinin məlumatına görə, bunu AB-nin Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas bildirib. Onun sözlərinə görə, Bakıda keçiriləcək ilk dialoqda AB-nin Avropa Xarici Tədbirlər Xidmətinin baş katibinin müavini Jan-Kristof Bellar iştirak edəcək.
«Hələlik, görüşün gündəliyini razılaşdırırıq. Təhlükəsizlik sahəsinə aid ən müxtəlif məsələlərə dair geniş məsləhətləşmələr aparılacaq», - o vurğulayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi ilə AB arasında təhlükəsizlik və enerji məsələləri üzrə dialoq mexanizminin təsis edilməsi barədə razılıq bu ilin fevralında əldə olunub.
Xatırlatma
Azərbaycan AB ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.
2017-ci ilin noyabrında qurumla Ermənistan arasında da tərəfdaşlıq sazişi imzalanıb.
Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar ötən ilin əvvəlindən başlayıb.