Azərbaycan prezidenti İlham Əliyev İzmir şəhərində «Star» neft emalı zavodunun açılış mərasimində iştirak etmək məqsədilə bu gün, oktyabrın 19-da Türkiyə Respublikasına səfər edib.
Bu barədə rəsmi AZƏRTAC agentliyi məlumat yayıb.
«Star» zavodunun təməlini 2011-ci il oktyabrın 25-də Azərbaycanla Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qoyub.
Zavod ildə 10 mln. ton xam neft emal gücünə malik olmalıdır. «Star» Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavod fəaliyyətə başladıqdan sonra orada ildə 1.6 mln. ton nafta, 5 mln. ton dizel, 1.6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və başqa məhsullar istehsal olunmalıdır.
Bu layihəyə Azərbaycanın ümumilikdə 6 mlrd. dollar pul qoyduğu bildirilir.