Badamdarda istinad divarı tamam dağlıb, ailələr təxliyyə edilib

Bayıl qəsəbəsi

“ Badamdarda sürüşmə davam edir, istinad divarı 4-5 metrə qədər sürüşüb aşağı gəlib”

Bunu oktyabrın 13-ü günorta saatlarında Ekologiya və Təbii Sərvətlər NazirliyiMilli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bldirib.

Ə.Qaralovun deməsinə görə, Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər:

“Səhər saatlarında istinad divarı sürüşüb 4-5 metrə qədər aşağı düşdü, demək olar ki, divarın yarısından şoxu dağılıb. Üstəlik, torpaq kütləsi asfaltın üstünə tökülüb və yolun bir hissəsi bağlanıb”

Ekspedisiya rəisi deyib ki, oktyabrın 12-də axşam 11 evin sakini yaxınlıqdan çıxarılıblar, kommunal xidmət kəsilib. Daha sonra isə yolun alt tərəfində biri restoran, biri kafe olmaqla iki iaşə obyektinin fəaliyyəti dayandırılıb.

Ə.Qaralov deyib ki, sürüşmənin nə qədər sahəni əhatə edə biləcəyi müəyyən olunaraq Nazrilər Kabinetinə təqdim edilib.

Mütəxəssis əlavə edib ki, ekspedisiya müşahidələrini davam etdirir.

Xatırlatma

Bayıl qəsəbəsi 20-ci sahə adlı ərazidən Badamdar yoluna çıxışda son dönəmlər ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Həmin vaxt sürüşmə zonası yaxınlığında olan 8 evin sakinlərinə evlərini müvəqqəti tərk etmək haqqında xəbərdarlıq edilib.