2018-ci il sentyabrın 1-nə olan vəziyyətə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0.9 faiz artaraq 1 milyon 540.3 min nəfər olub. Onlardan 880.4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 659.9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Bu barədə Dövlət Statistika Komitəsinin ( DSK) bu gün, oktyabrın 11-də yaydığı məlumatda bildirilir.
«2018-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.1 faiz artaraq 541.2 manat olub», - məlumatda vurğulanır.
Ancaq əməkhaqqında aylıq azalma var.
DSK bir ay əvvəl bildirmişdi ki, 2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 542.3 manat olub.
Prezident bu həftə ölkənin 9 aylıq göstəriciləri ilə bağlı Nazirlər Kabinetinin toplantısında isə demişdi ki, ümumilikdə əhalinin gəlirlərində 9.5 faiz artım var.