Dolu, daşqın gözlənir

Dolu

Oktyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənir. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 14-17, gündüz 18-22, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti proqnozlaşdırılır.

Oktyabrın 12-də Azərbaycanın bəzi rayonlarında da yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 14-17, gündüz 18-23, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti təxmin edilir.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 12-dən 13-ü səhərədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər aşağı enəcəyi proqnozlaşdırılır. Bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlıq

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq verir ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-4 , rayonlarda isə 3-5 dərəcə aşağı enə bilər. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.