Ekspert 'Sarı tor' işarəsindən danışdı

Ə.Hüseynov

«Bütün dünyada yol hərəkətinin aparıcı baş xətti var və yol sürücüyə o qədər aydın görünməlidir ki, ona əlavə nəyəsə ehtiyacı qalmasın».

Bunu AzadlıqRadiosuna nəqliyyat üzrə ekspert Ərşad Hüseynov paytaxt yollarında avtomobil tıxacının qarşısının alınmasından ötrü çəkilən «sarı tor» işarəsi ilə bağlı bildirib.

Ə.Hüseynov deyir ki, dünyada belə işarəyə tələb 1968-ci ildən başlayıb, amma Sovet dönəmində avtomobil azlığı ilə bağlı tıxaclar olmadığından belə işarələnməyə də ehtiyac görülməyib: ​«Adətən daha çox dörd yol istiqaməti olan yollarda bu işarəyə ehtiyac yaranır. Belə ki, A.Bakıxanov və S.Vurğun küçələrində tıxac yaranması 4 istiqamət üzrə problem yaradır. «Sarı tor» isə sürücüyə əgər onun üzərində sıxlıq varsa, bir avtomobil yerləşəcək qədər sahə yoxdursa, əlavə tıxac yaratmamaq xəbərdarlığıdır».

Oktyabrın 8-dən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi A.Bakıxanov və S.Vurğun küçələrində tıxac yaranmasının qarşısını almaq məqsədilə «sarı tor» işarəsi çəkib. Gələcəkdə bu işarələrdən tıxaca qarşı daha çox istifadə etmək niyyətindədirlər.

Ancaq bəzi insanlar görülən işlərin əlavə tixaclar yaratmasından şikayətlənirlər.