Müdafiə naziri Özbəkistana gedir

Z.Həsənov

Oktyabrın 12-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 10-da yaydığı məlumatda yazılır.

Müdafiə naziri Zakir Həsənov iclasda iştirak etmək məqsədilə oktyabrın 11-də Özbəkistana yola düşəcək.

İclasda Birlik daxilində hərbi əməkdaşlığa dair məsələlər müzakirə olunmalıdır.

MDB 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılıb. Bu qurum Rusiya, Ukrayna və Belarus arasında təsis edilib. Daha sonra Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Orta Asiya respublikaları bu quruma daxil olublar. Azərbaycan 1991-ci ildən qurumla əməkdaşlıq etsə də, rəsmi üzvlük bir müddət gerçəkləşməyib. Yalnız keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ilin sentyabrında Azərbaycan parlamenti MDB-yə üzvlük məsələsini ratifikasiya edib.

Gürcüstan 2008-ci ildə Rusiya qoşunları onun ərazisinə daxil olduqdan sonra bu qurumdan çıxıb.