Azərbaycan Fələstinə 200 min dollar yardım edib

Fələstinli qaçqınlar. 1948

Azərbaycan BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) bu ilin oktyabrında 200 min ABŞ dolları yardım edib.

Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, bu yardım Fələstin xalqı ilə həmrəylik və hazırda bu qaçqınların ciddi maliyyə çətinlikləriylə üzləşməsindən irəli gəlir.

1948-ci ildə yaradılmış UNRWA Yaxın Şərq regionunda 5 milyondan artıq fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir.

Xatırlatma

İsrail-Fələstin problemi 1948-ci ildən başlamaqla müasir dünyanın ən «uzunömürlü» münaqişələrindən biri sayılır. Bu münaqişə bir neçə dönəmlərdə müharibə ilə müşahidə edilib. Qüds şəhərinə hər iki tərəf iddia edir. Hazırda şəhər İsrailin nəzarətindədir.

BMT Təhlükəsizlik Şurası bu münaqişənin həlli məqsədilə çoxsaylı qətnamələr qəbul etsə də, tərəflər onlara əməl etməyiblər.

Rəsmi Bakı bəyan edib ki, Azərbaycan Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla, məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır.