ABŞ Bosniyadakı seçkidən ‘narahatdır’

Milorad Dodik-in seçki plakatı

Birləşmiş Ştatlar Bosniyanın seçki prosesindəki “qüsurlar”dan narahatlıq bildirib, eyni zamanda “sabit və çiçəklənən Bosniya və Herseqovinanı dəstəklədiyini” də dilə gətirib.

Oktyabrın 7-də keçirilmiş seçkidə Bosniyanın parçalanmasına tərəfdar olan serb millətçi ölkənin üçyerlik prezidentliyində yer qazanıb. ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert oktyabrın 8-də axşam bildirib ki, Birləşmiş Ştatlar “ATƏT-in seçkini müşahidə missiyasının, beynəlxalq müşahidə missiyalarının və yerli qeyri-hökumət təşkilatlarının seçki prosesi barədə səsləndirdiyi narahatlıqları bölüşür”.

“Buraya seçici siyahısının dəqiqliyi, seçki müşahidəçilərinin qərəzsizliyi, mediaya bərabər çıxış, dövlət resurslarından sui-istifadəylə bağlı narahatlıqlar daxildir”, – sözçü deyib.

Nauert-in səsləndirdiyi narahatlıqlar arxasında nəyin durduğu bəlli deyil. Amma “AP” agentliyi xəbər verir ki, prezidentlikdə yer qazanmış Bosniyanın serb lideri Milorad Dodik-in opponentlərin “saysız pozuntular”ın baş verdiyini iddia edərək səslərin yenidən sayılmasını istəyir.

ATƏT isə ümumilikdə seçkinin nəticəsini müsbət dəyərləndirib.

Bosniya prezidentliyində müsəlmanları Sefik Dzaferovic, xorvatları isə Zelijko Komsic təmsil edəcək.