Mehman Hüseynova şərti azadlıq istənilir

M.Hüseynov

Bloqqer Mehman Hüseynovun şərti azadlığa buraxılması istəyi ilə bağlı növbəti məhkəmə prosesi başlayır.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Şəhla Hümbətova məlumat verib.

Vəkilin bildirdiyinə görə, M.Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılmasından ötrü əvvəlcə Qaradağ Rayon Məhkəməsinə müraciət ediblər. Ancaq həmin məhkəmə müraciəti təmin etməyib. Məhkəmənin həmin qərarından verilmiş şikayətə oktyabrın 10-da da Bakı Apellyasiya Məhkəməsində baxılmalıdır. Hakim Elşad Şamayevin sədrlik etdiyi kollegiyanın icraatına verilmiş şikayətdə rayon məhkəməsinin qərarının ləğv edilməsi, bloqqerin azadlığa buraxılması istənilir.

Vəkilin bildirməsinə görə, məhkəmə prosesi açıq olacaq.

2017-ci ilin əvvəlindən həbsdə olan M.Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 7 ayından çoxunu çəkib. Azərbaycanın Cinayət Məcəlləsi isə cəzanın bir hissəsi çəkildiyi və müsbət təqdimat verildiyi hallarda məhkum edilmiş şəxslərin vaxtından əvvəl şərti azadlığa buraxılmasına imkan verir.

Amma bundan əvvəl cəza çəkdiyi müəssisədən M.Hüseynov haqqında lazımı müsbət xarakteristika verilməyib.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən iki ay öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb. Sonradan bir daha bu işə baxan Ali Məhkəmə bu dəfə apellyasiya məhkəməsinin qərarını haqlı sayıb.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Ancaq hakimiyyət rəsmiləri bildirir ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.