Gəmilərə xəbərdarlıq göndərilib

Xəzərdə gəmi

Oktyabrın 5-dən başlayaraq oktyabrın 6-sı gündüz saatlarınadək Xəzər dənizi akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyəti (QSC) donanmasına aid bütün gəmilərə xəbərdarlıq göndərilib.

«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-dən bildirilib ki, xəbərdarlıq hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlıdır.

Küləkli havanın müşahidə olunacağı günlərdə limanlarda, lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları, gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.

Xəbərdarlıqda qeyd olunur ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq, sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq yayıb. Xəbərdarlıqda vurğulanır ki, Bakı və Abşeron yarımadasında oktyabrın 5-6-da güclü şimal-qərb küləyi, bəzi yerlərdə yağış gözlənir.