Oktyabrın 7-də Bakıda velosiped yürüşü keçiriləcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, yürüş «Az avtomobil, çox həyat» devizi altında keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə təşkil edilən veloyürüşə bir sıra dövlət qurumları ilə yanaşı, BMT-nin Azərbaycandakı nümayəndəliyi də qatılacaq.
«Veloyürüşün keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin (2030-cu ilə qədər CO2 miqdarının 35 faizə qədər azalma) yerinə yetirilməsidir. İstilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir», - məlumatda yazılıb.